“Dünyada ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var. Bahalaşmanın köklərini axtaranda ilk növbədə pandemiyanı qeyd etməliyik”
"Əhali un və çörəyin bahalaşmasına hazır olmalıdır, bu qaçılmazdır"
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Rüfət Quliyev deyib ki, pandemiya dövründə dünya iqtisadiyyatında 8 faiz geriləmə oldu: “Ən çox zərər çəkən sahələrdən də biri nəqliyyat və logistika oldu, bu sahədə 77-75 faizlik iflasdan söhbət gedir. Bura turizm də daxildir. Dünya miqyasında pandemiyanın turizmə ziyanı 75 faiz civarında göstərilir. İkincisi, postpandemiya dövründə dünyada böyük investisiya qoyuluşları, iqtisadiyyatın inkişaf etdirilməsi prosesi uğurlu getməd. Üçüncüsü, Rusiya-Ukrayna müharibəsidir. Dünyada taxıl ixracağının 30 faizi Rusiya və Ukraynanın payına düşür. Taxıl və buğdadan başqa bir sıra kənd təsərrüfatı məhsullarını götürsək, dünya miqyasında ixracatın 10-15 faizi bu iki ölkənin payına düşür. Ona görə də müharibə nəticəsində dünya bazarına böyük zərbə dəydi”.
Deputat qeyd edib ki, bazar iqtisadiyyatı tələb, təklif və rəqabətlə idarə olunur: “Tələb artanda, təklif tələbi qarşılamayanda qiymətlər qalxır. Dünya bazarında qida məhsullarının qiymətinin artmasının təsirləri yenə də davam edir. Rusiya-Ukrayna müharibəsindən əlavə Suriyada müharibə nəticəsində son 10 ildə bir neçə milyon hektar torpaq yararsız hala düşüb. Yəni ərazilər minalanıb, zirehli texnikaların tapdağına çevrilib, bombalanıb. Bunların hamısı da son nəticədə bu problemlərə gətirib çıxarıb. Onu da nəzərə almaq lazımdır ki, müharibə olan ölkələrdə hazırda əkin aparılmır. Məsələn, son məlumatlara görə, gələn il Ukrayna keçən il əldə olunan məhsulun maksimum 50 faizini dünya bazarına çıxara biləcək. Gübrələrin də bahalaşdığını unutmaq olmaz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü neft-qaz bazarında müşahidə olunan proseslərə də toxunub: “Bu bazarda da xüsusi oyunçular var. Neft-qaz sektorunda gedən oyunlar barəsində Prezident İlham Əliyev bir neçə dəfə maraqlı açıqlamalar verdi. Bunun arxasında dünyanı idarə edən bəzi qruplar, insanlar var. Bu qruplar, insanlar ümumbəşər daxili məhsulunun 55 faizinin sahibidirlər. Onların özləri heç dünyada əhalinin 1 faizinə bərabər deyillər”.
Rüfət Quliyev dünyada baş verən proseslər fonunda Azərbaycanın müvafiq tədbirlər gördüyünü, addımlar atdığını söyləyib: “Azərbaycan 2022-2023-cü illər üçün Rusiyadan 1,5 milyon ton taxıl sifariş edib. Bu da keçən ilə nisbətən 40 faiz çoxdur. Təbii ki, Azərbaycanın imkanı və münasibətləri var. Biz istənilən məhsulu istənilən ölkədən dünya qiymətlərinə ala bilərik. Azərbaycanın Rusiya ilə münasibətləri də çox yaxşıdır. Azərbaycana innovativ texnologiyalar gətirilərək istifadə edilir. İqtisadiyyatın ekstensiv formadan intensiv inkişaf formasına keçirik. Bu mərhələni də uğurla keçəcəyik. Təbii ki, bu, 1 ilin, 3 ilin məsələsi deyil, proses illərlə çəkəcək. Nəticədə get-gedə Azərbaycan özünü qida, ərzaq məhsulları ilə daha çox təmin edəcək. Bunun üçün Prezidentin göstərişi ilə əsaslı addımlar atılıb. Təbii ki. Azad olunmuş ərazilərdə ən azı 600-700 min, hətta bəzi ekspertlər 1 milyon hektardan çox münbit torpaqdan danışırlar. Bu ərazilərdən 100 min hektarı artıq hazırdır. Biz bu torpaqdan tədricən kənd təsərrüfatı məhsulları yetişdirmək üçün istifadə edəcəyik. İnanıram ki, aparılan siyasət nəticəsində inflyasiyanı cilovlaya biləcəyik. Çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, buğdanın qiyməti çox artmasın” (Apa).