Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksindən şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinə başlanıb. 50 mənzil Samux və Şəmkir rayonlarının bu kateqoriyalardan olan sakinlərinə təqdim edilib.
Eləcə də bax: Nazir: "Şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırıldı"
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində qəhrəmanlıq tarixi yazaraq Zəfər qazandı, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı doğma yurdlarımızı azadlığına qovuşdurdu. Vətən müharibəsində qüdrətli və məğlubedilməz orduya malik olduğunu nümayiş etdirən Azərbaycan eyni zamanda güclü sosial siyasətini göstərir.
Nazir postmüharibə dövründə şəhid ailələrinin üzvləri, qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət 31 min insanın çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunduğunu, onlara 39 minədək xidmətin göstərildiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı üç il əvvələ nisbətən bu il 5 dəfə genişlənib: 2021-ci ildə 3 min mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır. Onlardan artıq 1700 mənzil təqdim edilib. Bu günə qədər isə 11 minə yaxın mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara verilib.
Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı yaşayış kompleksində 144 şagirdlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası da var.