Azərbaycanda imtiyazlı vətəndaşlara mənzil və avtomobil verilməsi davam edəcək.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib. Onun sözlərinə görə, dekabrda daha bir DOST Mərkəzi, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələri istifadəyə veriləcək.
Eləcə də bax: Bakıda daha iki DOST - MƏRKƏZİ AÇILACAQ
S.Babayev bildirib ki, DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb.
Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib. Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq. Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.
S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin veriləcəyini deyib. Nazir 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib.