Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür.
Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.
Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli Fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 90,2 faizə çatıb.