Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib.
Eləcə də bax: I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə ödənilən Prezident təqaüdü - ARTIRILIB
Nazirlikdən FED.az-a verilən məlumata görə, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ötən 18 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər əldə edib. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, torpaqlarınn Ermənistanın işğalından azad edilməsi isə tariximizə şanlı qəhrəmanlıq salnaməsi kimi yazılıb.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib. 2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. Bu il artıq 2800, ümumən ötən dövrdə isə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
S.Babayev Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər daxil olmaqla 40 min insanın sosial dəstəklə əhatə olunduğunu, onlara dəstək yönümlü 46 min xidmətin göstərildiyini deyib. O vurğulayıb ki, dövlət başçısının fərmanları isə ilin əvvəlindən şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50 faiz, bəzi istiqamətlər üzrə 100 faizə yaxın artırılıb. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü (2000 manat) təsis edilib.