“Azərbaycanın qədim xalçaçılıq sənəti var. Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev“ Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib:
“Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olub. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də “Azərxalça”nın bu fabrikidir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək”.
Dövlət başçısı deyib ki, xalçaçılıq fabriklərində işləyənlərin mütləq əksəriyyəti qadınlardır: “Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq. Xalçaçılıq bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Biz də kömək edirik ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin”.