Vətəndaşarın pandemiya dövründə öz hərəkətinə o cümlədən iş yerlərinə və müxtəlif məkanlara giriş-çıxışına imkan verən COVİD-19 sertifkatı alınması üçün yaradılan informasiya sistemi çöküb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.
O bildirib: "Artıq bir neçə saatdır ki( saat 20.00 - 23.00) , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır.
Asan Login sistemi vasitəsilə sistemə daxil olduqdan sonra kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan Covid-19 pasportunu əldə etmək mümkün olmur.
Güman etmək olar ki , Dövlət Agentliyinin informasiya sistemi bu gün Covid-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı müraciətləri emal edə bilməyib və sistem çöküb.
Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib.
Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resurslar düzgün hesablanmayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.
Təəssüf ki, aidiyyatı qurumlar, eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər .
Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır."