Xəbər verdiyimiz kimi, Azərbaycanda un və ondan hazırlanan şirniyyat məhsullarının qiyməti artıb.
FED.az xəbər verir ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpik artan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb. Ekspertlər bunu qonşu ölkələrdə buğdanın qiymətinin qalxması ilə əlaqələndirirlər.
İqtisadçı Natiq Cəfərli təklif edir ki, bahalaşmanın qarşısını almaq üçün gömrük və vergi rüsumları ilə bağlı yeni qərarlar qəbul edilə bilər. Belə ki, ölkədə istehsalı az olan və ya olmayan, olması da yaxın illərdə mümkün görünməyən malların gömrük rüsumları və vergiləri aşağı salına bilər.
Eləcə də bax: Bakıda 10 manata çörək satılır – VİDEO
Sözügedən təklifin reallaşmasının mümkünlüyü ilə bağlı deputat Fəzail Ağamalı bildirib ki, çox güman ki, iqtisadi dövlət qurumları yaranmış situasiya ilə bağlı araşdırma aparırlar: “Araşdırmalardan sonra yəqin ki, müvafiq qərarlar da qəbul olunacaq ki, yaranmış vəziyyət Azərbaycan əhalisinin ümumi yaşayış səviyyəsinə təsir göstərməsin. Çünki ölkə prezidentinin siyasəti birmənalı şəkildə Azərbaycan xalqının həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Buna uyğun olaraq da yaranmış olan bu və ya buna bənzər vəziyyətlərdə dövlət qurumları hərəkətə keçirlər və lazım olan addımları atırlar. Vaxtilə belə bir çətin vəziyyət yarananda xaricdən gələn taxıl məhsullarının əlavə dəyər vergisi ləğv edildi. Ləğv edilmə xeyli dərəcədə vəziyyəti yüngülləşdirdi. Yəqin ki, bu və buna bənzər addımlar atılacaq”.