Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fəaliyyət göstərən istixana və arıçılıq təsərrüfatlarından əldə olunacaq məhsulların satışına dəstək verəcək.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a bildirilib ki, oktyabrın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kənddə yaradılmış istixana təsərrüfatlarının sahibləri ilə növbəti görüş keçirilib. Görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TÜİB rəhbəri Hüseyin Büyükfırat, TİKA, və Türkiyənin Ziraat bankının nümayəndələri ilə yanaşı, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova da iştirak edib.
Görüş istixanalarda və arıçılıq təsərrüfatlarında əldə edilmiş məhsulların sərgisi ilə başlayıb. Qonaqlar fermer təsərrüfatlarının sahibləri ilə söhbət edib, problemləri ilə maraqlanıb. Fermerlər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.
Tədbir çərçivəsində Cocuq Mərcanlıda istixanada yetişdirilən meyvə-tərəvəvəzlərin və arıçılıq məhsulları satılıb. Bu təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə Cocuq Mərcanlı fermerləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun şərtlərinə görə, fermerlərin gələcəkdə yetişdirəcəyi bütün məhsulların satışı Dövlət Aqrar Ticarət Şirkətinin vasitəsilə həyata keçiriləcək.
Leyla Məmmədova gələcəkdə fermerlərin təsərrüfatlarının daha da genişləndirilməsi üçün mümkün dəstəyin göstəriləcəyini bildirib.