Azərbaycanda qadınların müəyyən hallarda yaşa görə əmək pensiyasına daha tez çıxmaq hüququ qanunvericiliklə təsbit olunub.
Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ
FED.az xəbər verir ki, “Əmək pensiyaları” haqqında qanuna əsasən, bəzi qadınlar pensiyaya ümumi yaş həddindən 5 ildən 20 ilədək tez çıxa bilərlər.
Belə ki, əgər qadın əlilliyi olan uşağa səkkiz yaşınadək qulluq edibsə və ya valideynlərini itirmiş uşaqları qəyyumluğa götürübsə, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə əmək pensiyasına çıxma yaşı 5 il azaldılır.
Əmək şəraiti xüsusilə zərərli və sağlamlıq üçün təhlükəli olan işlərdə çalışan qadınlar azı 10 il bu sahədə fəaliyyət göstərdikdə, pensiyaya çıxma yaşı 5 il azaldılır. Bu güzəşt incəsənətin xüsusi sahələrində çalışanlara da aiddir və burada sonuncu iş yeri deyil, ümumi staj nəzərə alınır.
Mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində azı 25 il işləmiş şəxslər üçün pensiya yaşı 15 il azaldılır. Əgər səhhətinə görə uçuş fəaliyyətindən azad ediliblərsə, bu halda 20 illik staj yetərlidir. Hipovizqanizm (liliputizm) xəstəliyindən əziyyət çəkən və ya fizioloji mütənasibliyi pozulmuş şəxslər azı 5 il sığorta stajı olduqda, pensiyaya çıxma yaşı 20 il azaldılır. Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında azı 35 il xüsusi rütbə ilə qulluq etmiş şəxslər yaş məhdudiyyəti olmadan əmək pensiyası hüququ əldə edirlər. Eyni hüquq prokurorluq orqanlarında uzun illər qulluq etmiş əməkdaşlara və 25 il və ya daha artıq müddət hərbi xidmətdə olmuş şəxslərə də şamil olunur.
Bu güzəştlər eyni zamanda kişilər üçün də keçərli hesab olunur.
Qeyd edək ki, 1 iyul 2025-ci ildən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq. Bu yaş həddi hər il artmaqla 2027-ci ildə 65 yaşa çatdırılacaq. (Metbuat.az)