Danimarka parlamenti 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıran yeni qanun qəbul edib.
Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq.
Bildirilib ki, hazırda Danimarkada pensiya yaşı 67-dir, lakin 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. 70 yaş pensiya yaşı isə 1970-ci il dekabrın 31-dən sonra doğulmuş bütün insanlara şamil ediləcək.
81 “hə” ilə qəbul olunan yeni qərar isə insanlar arasında narazılığa səbəb olub, hətta onlar bu qərara etiraz da ediblər: “Biz işləyirik, işləyirik və işləyirik, amma 70 yaşına qədər işləməyə davam edə bilmərik. Ofis işi olanlar üçün vəziyyət fərqli ola bilər, lakin fiziki cəhətdən ağır peşələri olan işçilər üçün yeni dəyişikliklər çətin olacaq. Bütün həyatımız boyu vergilərimizi ödəmişik. Uşaqlar və nəvələrimizlə birlikdə olmaq üçün də vaxtımız olmalıdır. Yüksək pensiya yaşı o deməkdir ki, insanlar yaşlanaraq yaşamaq hüququnu itirəcək”.
Qeyd edək ki, Danimarka 2006-cı ildən etibarən pensiya yaşını ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir. Avropada pensiya yaşları fərqlidir. Məsələn, İsveçdə insanların pensiya almaq üçün müraciət edə biləcəyi ən erkən yaş 63-dür. İtaliyada isə standart pensiya yaşı 67-dir. Bu ölkədə də pensiya yaşı Danimarkada olduğu kimi düzəlişlərə məruz qalır və 2026-cı ildə arta bilər. Böyük Britaniyada 6 oktyabr 1954-cü il və 5 aprel 1960-cı il tarixləri arasında doğulanlar pensiyalarını 66 yaşında almağa başlayırlar. Lakin pensiya yaşının artırılması da planlaşdırılır. Belə ki, 2026-2028-ci illər arasında 67-yə, 5 aprel 1977-ci il və ya ondan sonra doğulanlar üçün 2044-2046-cı illərdə isə 68-ə yüksələcəyi bildirilir. Fransada isə 2023-cü ildə pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edilib və insanlar arasında narazılığa səbəb olub və qanun ölkə Prezidenti Emmanuel Makronun birbaşa müdaxiləsi ilə etirazsız və parlamentdə səsvermə olmadan qüvvəyə minib.
Çində isə pensiya yaşı ağır fiziki işlərdə çalışan qadınlar üçün 50-dən 55-ə, ofisdə, rahat yerlərdə işləyən qadınlar üçün isə 55-dən 58-ə, kişilərdə 60-dan 63-ə qaldırılıb.
Türkiyədə minimum pensiya yaşı kişilər üçün 60, qadınlar üçün isə 58-dir. Ölkəmizdə isə pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 64 yaşdır.