Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.
Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.
Qeyd edək ki, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 13 gün qeyri-iş günüdür.