Yeni fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyi ölkədəki bütün qida sahələrini əhatə edən məhsulları ekspertizadan keçirəcək.
FED.az xəbər verir ki, agentliyin təftiş və dövlət nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin sözlərinə görə, bu işlərdən sonra sahibkarlara “ASAN Xidmət”lə birgə qida təhlükəsizliyi sertifikatı veriləcək.
“Obrazlı olaraq elə sertifikatın adını da “ASAN” sertifikat qoymuşuq. Sahibkarlar “ASAN Xidmət”ə müraciət edəcəklər. “ASAN Xidmət” tərəfindən onların müvafiq sənədləri qəbul olunduqdan sonra, həmin müəssisələrin auditi həyata keçiriləcək. İstehsal, idxal və ixrac olunan məhsullar təhlükəsizlik baxımından müayinələrə cəlb olunacaq. Yalnız bundan sonra məhsullara və ya müəssisələrə qida təhlükəsizliyi sertifikatı veriləcək. Qida Təhlükəsizliyi qeydiyyatından keçməyən müəssisələrə müəyyən vaxt veriləcək ki, bu qeydiyyatdan keçsinlər. Yaxud auditlər vaxtı hər hansı nöqsan şakar olunarsa və o nöqsanlar dərhal tədbir görülməsini ehtiva etməzsə, həmin nöqsanların aradan qaldırılması üçün müəyyən vaxt veriləcək. Növbəti auditlərdən sonra o müəssisələr Qida Təhlükəsizliyi qeydiyyatına alınacaqlar.
Şöbə müdiri bildirir ki, agentlik “Tarladan süfrəyə” prinsipi əsasında baytarlıq, fitosanitar və sanitariya nəzarəti, idxal və ixrac da daxil olmaqla qida zəncirinin bütün mərhələlərinə nəzarəti həyata keçirəcək.
“Hazırda Qida Təhlükəsizliyi Agentliyinin hüquqi və maddi-texniki bazası hazırlanır. Bundan əlavə biz kadr potensialını toplayırıq. Hüquqi bazamız hazırlandıqdan sonra Qida Təhlükəsizliyi Agentliyi, qarşısına qoyulan vəzifələri yerinə yetirməyə başlayacaq. Bir sıra qanunlarda, o cümlədən “Yeyinti Məhsulları Haqqında”, “Baytarlıq Haqqında”, “Fitosanitar Nəzarəti Haqqında”, “Standartlaşma Haqqında” və “Sanitariya-epidemioloji Salamatlıq Haqqında” qanunlarda müvafiq dəyişikliklərin həyata keçirilməsi üçün artıq biz müəyyən təkliflərimizi vermişik və həmin məsələlər baxılma ərəfəsindədir.”
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müxtəlif sahələri əhatə edən yerli və xarici mütəxəssislərlə birgə sahibkarlar üçün təlimlər də təşkil olunacaq.
Bu agentlik bütün məhsullara nəzarət edəcək
17:40
15 Fev 2018