BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) 2025-ci il üçün fövqəladə müraciətlə çıxış edərək, beynəlxalq donorlardan qlobal ərzaq ehtiyaclarını ödəmək və insanların ehtiyacları ilə mövcud resurslar arasındakı fərqi aradan qaldırmaq üçün 16,9 milyard dollar ayırmağı xahiş edib.
Növbəti il ərzaq təhlükəsizliyi tədbirlərinə 527 milyon manat ayrılması proqnozlaşdırılır
FED.az xəbər verir ki, bu barədə “UN News” saytı məlumat yayıb.
Ümumdünya Ərzaq Proqramının cümə günü, noyabrın 29-da açıqladığı “Qlobal İnkişaf Vizyonu – 2025” adlı hesabatı göstərir ki, 74 ölkədə 343 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib. Bu, ötən illə müqayisədə 10 faiz çoxdur, eyni zamanda, COVID-19 pandemiyası zamanı qeydə alınan rekorddan bir qədər azdır. Bildirilib ki, Ümumdünya Ərzaq Proqramının fəaliyyət göstərməli olduğu mühit getdikcə çətinləşir və ehtiyacı olan insanlara kömək etmək daha baha başa gəlir. Geosiyasi gərginliklər, artan silahlı münaqişələr, ekstremal iqlim hadisələri və iqtisadi sarsıntıların yaratdığı qlobal böhranlar qlobal aclığı rekord səviyyələrə çatdıraraq humanitar yardıma kəskin tələbat yaradıb. 2024-cü ildə maliyyə çatışmazlığı Proqramı ən həssas insanlara münasibətdə öz əməliyyatlarını qismən ixtisar etməyə məcbur edib.
WFP-nin hesabatına görə, bu gün dünyada təxminən 1,9 milyon insan aclıq astanasındadır. Xüsusilə Qəzza və Sudanda, eləcə də Cənubi Sudan, Haiti və Malinin bəzi bölgələrində fəlakətli səviyyədə aclıqla üzləşən insanların sayı görünməmiş həddə çatıb.
Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə 123 milyon insanı qidalandırmaq üçün WFP-nin ehtiyac duyduğu 16,9 milyard dollar dünyanın cəmi iki həftə ərzində qəhvəyə xərclədiyi vəsaitə bərabərdir. Bundan başqa, 88 milyon insanın iqlim dəyişikliyi səbəbindən kəskin aclığın dağıdıcı təsirləri ilə mübarizə apardığı Asiya-Sakit okean regionunda gələcək sosial müdafiə və fəal fəaliyyət təşəbbüslərini genişləndirmək üçün 2,5 milyard dollara ehtiyac olacaq.
2025-ci ildə BMT-nin Proqramının proqnozlaşdırılan maliyyə ehtiyaclarının təxminən 50 faizi Afrikanın payına düşür. Sudandakı münaqişə qonşu ölkələrə yayılan kütləvi miqrasiyaya səbəb olub. Münaqişə həm də Konqo Demokratik Respublikasında və Sahil regionunda milyonlarla insanı aclığa sövq edir, ekstremal təbii fəlakətlər isə qitənin cənubunda ərzaq qıtlığını pisləşdirir. WFP Afrikadakı fəaliyyətini dəstəkləmək üçün 8,4 milyard dollara ehtiyac var.
Latın Amerikası və Karib hövzəsində də ərzaq təminatı olmayan 40,8 milyon insan var. Eyni zamanda, 14,2 milyon insan yardım almaq üçün əsas hədəf qrupu kimi müəyyən edilib. Bu regionda WFP-nin həssas əhali qruplarını dəstəkləmək və qida sistemlərini, iqlimə davamlılığı və sosial müdafiəni gücləndirmək, habelə bütün bu sahələrdə fəaliyyətləri genişləndirmək üçün 1,1 milyard dollara ehtiyacı olacaq. (Azərtac)