2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində iş fəaliyyəti məhdudlaşdırılır.
Eləcə də bax: İqtisadiyyat Nazirliyi 10 bölgədən olan sahibkarlara yenidən - Yardım Edəcək
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.
Qərara əsasən, aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:
- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);
- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);
- yük daşımaları və logistika xidmətləri;
- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;
- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
- kütləvi informasiya vasitələrinin fəaliyyəti;
- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;
- mühafizə xidmətləri.