Azərbaycanın müsəlman ölkəsi olması Yeni il süfrəsini alkoqollu içkilərdən qoruya bilmir. Yerli qurumlar nöbəti ildəki uğurlar üçün Allaha dualar etsələr də, ilin dəyişməsini içkilərlə qeyd etməyi də problem saymırlar. Nəticədə il dəyişən dövrdə ölkədə spirtli içkilərin satışı yüksək həddə çatır. Bu sahədə çalıqan şirkətlər isə Yeni İl kampaniyasına xüsusi hazırlaşırlar.
Ölkənin məşhur içki istehsalçılarından olan «Azgranata Trading and Distribution»un baş direktoru Anar Bayramov da FED.az-a bildirir ki, spirtli içkilərin ən çox satıldığı vaxt məhz Yeni il ərəfəsidir.
Yeni ilin gəlişi ilə bağlı olaraq şampan şərabına tələbat artıb. Onun sözlərinə görə, Yeni il günlərində bir il ərzində satılan qədər şampan şərabı satılır.
Amma şirkətin ən böyük ümid bəslədiyi istiqamət rus arağı (vodka) bazarı ilə bağlıdır. Xatırladaq ki, hazırda spirtli içki həvəskarları arasında məşhur olan «Ağsu» arağını «Azgranata» buraxır. Son illər bu araqların satışı kəskin artıb. Amma yerli arağın satışına dolların bahalaşması da təsir edib: «2015-ci ildə baş verən devalvasiyadan sonra ölkəyə idxal olunan spirtli içkilərin qiyməti bahalaşdı. Bu da yerli bazarı stimullaşdırdı. Bununla əlaqədar olaraq da vodka trendi inkişaf etdi. Xüsusilə də 2017-ci ildən daha geniş inkişaf trayektoriyası qeydə alındı. Məhz bu səbəblə də bu il ən çox satılan spirtli içki çeşidi vodka olub».
Şirkətin nümayəndəsi 2018-ci ilə də ümidlə baxır. Xatırladaq ki, gələn ildən etibarən xarici istehsal olan spirtli içkilərin aksiz dərəcələrinin artması gözlənilir. Onun sözlərinə görə, bu halda yerli istehsal olan spirtli içkilərin satışı 20%-ə qədər arta bilər. Vodka trendini «tutan» şirkət gələn il daha bir yeni məhsulun - nar arağınının istehsalına başlayacaq.
Bir illik şampan planını Yeni İldə doldururuq - AÇIQLAMA
12:30
28 Dek 2017