Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov uşaqpulunun bərpası məsələsinə münasibət bildirib.
FED.az biznes portalı APA-ya istinadəb xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir.
Onun sözlərinə görə, bu məsələyə ciddi yanaşılmalıdır, hökumət də məhz belə mövqe sərgiləyir.
Ə. Əhmədov bildirib ki, aztəminatlı ailələrə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir,bura ünvanlı sosial yardımın, müxtəlif müavinətlərin verilməsi aiddir: “Uşaqpulları da bunlardan biri kimi tətbiq edilə bilər. Amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, daha düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailə var. Mən düşünmürəm ki, bu ailələr uşaqpuluna ehtiyac duyur. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyacını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq”.
Baş nazirin müavini qeyd edib ki, hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərməlidir: “Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaq, onlar iqtisadiyyatın inkişafı, istehsalat, hər hansı yenilik barədə düşünməyə o qədər də həvəsli olmayacaq. Bütün inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə, səmərəli şəkildə onların çalışması üçün əsaslar yaratmaqla bu yolla gediblər”.