Son zamanlar dəniz məhsullarının, xüsusilə balığın qiyməti iki dəfəyə qədər artıb. Belə ki, əgər bir neçə ay öncə kütümün kiloqramı 7, berjin 10, nərənin 20 manat idisə, indi kütüm 12-14, berj 22, nərə isə 30 manata satılır. FED.az xəbər verir ki, bunu satıcılar bildirirlər. Onların sözlərinə görə qiymətlər hələ bayramda da artacaq.
Satıcı Nail Cavadovun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq balıq ovu çətinləşib: "Həmçinin insanlar Novruz bayramı qabağı balığa daha çox üstünlük verirlər. Bunlar da balığın qiymətinə təsirini göstərir. Qarşıda çərşənbələr, bayram var. Düşünürəm ki, hələ 5-6 manat da bahalaşacaq".
N.Cavadov qeyd edir ki, balıq ən ucuz yay vaxtı satılır: "Çünki yayda çox az adam balıq alır. Həm də bahalaşma digər dəniz məhsullarından da yan keçməyib. Bütün məhsullarda ən az 30 faiz bahalaşma var. Bunu daim dəniz məhsulları istifadə edənlər daha yaxşı bilir".
Digər satıcı Samir Əliyev də deyir ki, balığın bahalaşması müvəqqəti xarakter daşıyır: "Mövsüm və bayramqabağı olduğu üçün bahalaşma özünü bütün dəniz məhsullarının qiymətində göstərir".
Qida eksperti Elsevər Fərzəliyev isə balıqların qiymətinin dəyişməsini mövsümlə əlaqələndirir: "Yəni ovlanma şərtləri ilə əlaqədar olaraq qiymət bahalaşa və ya ucuzlaşa bilər. Çünki indi balığın ovlanması, digər fəsillərlə müqayisədə daha çətindir, hansı ki, bu hal qiymətin bahalaşmasını şərtləndirən ən vacib amillərdən sayılır".Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov diqqətə çatdırır ki, ölkədə başqa ərzaq məhsullarının bahalaşdığı bir zamanda balığın qiymətinin artması da gözlənilən idi: "Balıq ekoloji cəhətdən təmiz məhsuldur. Buna görə də, onun bahalaşması gözlənilən idi".
"Bundan əlavə, Azərbaycanın dənizkənarı ölkə olmasına baxmayaraq, ölkədə balıq bazarı yoxdur. Təbii ki, bu da balığın qiymətinə təsir edir", — müsahibimiz vurğulayır.
E.Hüseynovun sözlərinə görə, Azərbaycanda balıq bazarının 60 faizini idxal olunan balıqlar təşkil edir: "Azərbaycana bir çox ölkələrdən, o cümlədən Vyetnamdan sağlamlıq üçün təhlükəli olan, dondurulmuş balıqlar gətirilir. Buna görə də, istehlakçılar balıq alarkən diqqətli olmalıdır".
Sputnik Azərbaycan