Bakıda Yeni il yolkalarının qiyməti bahalaşıb.
FED.az Modern.az-a istinadən xəbər verir ki, Hazırda ən ucuz qiymətlər metro stansiyalarının çıxışlarında qurulan çadır-yarmarkalardadır. “Gənclik” metrostansiyasının çıxışındakı yarmarkada ən bahalı yolka 120 manata satılır. Burada hündürlüyü 2 m olan yolkanı 55 manata da almaq olar. Balaca yolkaların qiymətləri 3 - 40 manat arasında dəyişir.
Yolkanın bəzədilməsi üçün oyuncaqların qiymətləri 1.50 manatdan başlayır, 22 manata kimi yüksəlir. Burada zərlərin qiyməti 1 manat təşkil edir. Yolka ağacını işıqsız təsəvvür etmək çətindir. Yarmarkadakı işıqların qiymətini də öyrəndik: 1.50-7 manat arasındadır. Uşaqların sevimli oyuncaqlarından olan şarın qiyməti çox ucuzdur: 5-20 qəpik.
“Nərimanov” metrostansiyasının qarşısında açılan yarmarkalarda qiymət bir qədər bahadır. Burada 3 yarmarka var. Bu yarmarkalardan birində hündürlüyü təxminən 2 metr olan yolkanın qiyməti 150 manat təşkil edir. Burada şarları vahid qiymətə -10 qəpiyə satırlar. Şaxta baba, Qar qız oyuncaqlarının ən ucuzu 3 manat, ən bahalısı 50 manatdır. Yolka işıqlarının qiymətləri 3 manatdan başlayır və 50 manatda bitir.
Maraqlıdır ki, “Nəsimi” bazarında qiymətlər nisbətən ucuzdur. Burada yolka çeşidləri az idi, qiymət əsasən 6-55 manat arasında dəyişirdi. Oyuncaqların ən bahalısı 20 manat idi. Qarşıdan gələn “İt ili” ilə əlaqədar ən çox it oyuncaqlarına üstünlük verilir: qiymət 1-20 manat. Şaxta baba, Qar qız oyuncaqları 3-50 manat arasında dəyişirdi.
“Gənclik Mall” da yerləşən “Bravo” mağazalar şəbəkəsində ən bahalı yolkanın hündürlüyü 180 sm, qiyməti 100 manatdır. Oyuncaqlar isə nisbətən bahadır: 12 qəpikdən tutmuş 38 manata kimi. Satıcı bildirib ki, qiymət baha da olsa, oyuncaq alanlar az deyil. Ən bahalı Şaxta baba oyuncağı burada 56 manatdır, Qar qızın qiyməti isə 29 manatdır.