Bu günün tarixi insanların düşündüyündən daha əvvələ, XIX əsrə aiddir.
1932-ci ildən Milad alış-verişlərinin başlanğıcı kimi qeyd olunan tarix “Black Friday” olaraq 1961-ci ildə adlanıb.
Heç də adı kimi qara olmayan bu günün belə adlanma səbəbi həmin tarixdə Filadelfiyada alış-verişlərə görə maşın yolları və piyadalar arasında yaranan tıxac, çətinliklərdir.
Noyabrın dördüncü cümə axşamı günü qeyd edilən “Minnətdarlıq günü”ndən (“Thanksgiving Day”) bir gün sonra və Yeni İl alış-verişlərinin qeyri-rəsmi başlanğıcı hesab edilən tarixə Azərbaycanda da son illərdə maraq yaranıb. Çoxdan arzulanan bahalı əşyaları ala bilmək fürsəti olan bu bayram alış-veriş mərkəzlərində qeyd olunur.
Azərbaycanın ən iri ticarət mərkəzlərində də “qara cümə” günündə endirimlər olur və bu, “Sunny Friday” (“Günəşli cümə”) adlanır.
“Gənclik Mall” və “28 Mall”dan bildirilib ki, səhər saatlarından mağazalar açılmamış insanlar artıq növbəyə durub, endirimlərə maraq yüksəkdir.
“Gənclik Mall”da bütün mağazalarda 50 faiz endirim olduğu və insanların daha çox kosmetika və geyim mağazalarına üz tutduqları qeyd olunur.
“Park Bulvar” ticarət mərkəzindən verilən məlumata görə, geyim mağazalarında 15-50 faiz arası, ev-məişət əşyalarına 70 faizə qədər, uşaq mağazalarında 50 faizədək, kosmetik məhsullara 70 faizə qədər, kitablara 90 faizədək endirimlər var.