Salyan rayonunda «Azəriqaz» İB rəhbərliyinin istixana sahibləri ilə görüşündə bəzi sahibkarların borc problemi elə yeoindəcə həll edilib.
Bu barədə FED.az-a «Azəriqaz»dan bildirilib. Qeyd edək ki, görüşdə 50-dən artıq istixana sahibi – meyvə və tərəvəz istehsalçısı iştira edib. Ümumiyyətlə isə Salyanda 300-ə yaxın böyük və kiçik (həyətyanı sahədə təşkil edilmiş) istixana var.
Eləcə də bax:“Azəriqaz”da yeni kadr təyinatı olub - FOTO
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, «Azəriqaz»ın baş direktoru Ruslan Əliyev, KOBİA-nın rəhbəri Orxan Məmmədov və Salyan rayonu İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun da iştirak etdiyi görüşdə sahibkarların qaldırdığı əsas məsələlərdən biri qaz pulu borclarında güzəşt, və bu borcları ödəmək üçün əlavə vaxt verilməsi olub.
«Azəriqaz»dan FED.az-a bildirilib ki, noyabrın 1-ə istixana sahiblərinin noyabrın 1-i tarixinə olan qaz pulu borcu təqribən 1,3 milyon manat təşkil edir. Bunun 797 min manatı 49 böyük istixananın, 488 min manat isə 194 kiçik istixanaya aiddir.
Görüş zamanı borc məsələsi sahibkarlar tərəfindən bir neçə dəfə qaldırılıb. Və bir neçə sahibkara elə görüşdəcə güzəşt edilib. Onlara borcu may ayınadək ödəmək icazəsi verilib. Söhbət noyabrın 1-dək olan borcdan gedir, cari borcları isə sahibkarlar ödəməlidirlər.
«Azəriqaz»dan bildirilib ki, görüşdən əlavə bəzi sahibkarlar «Azəriqaz» rəhbərliyinə qaz pulu borcuna möhlət verilməsi ilə bağlı fərdi müraciətlər də ediblər: «Təqribən 50 müraciət edilib və onların müraciətləri müsbət cavablandırılıb».