"The Telegraph" yazır ki, rusiyalı milyarder London məhkəməsinin boşanma işi üzrə hökmünə uyğun olaraq keçmiş arvadına çatası 453 milyon funt sterlinqin (643 milyon dollar) bir pensini də ödəməyib. FED.az xəbər verir ki, London məhkəməsi sərvəti bir milyard funt sterlinqdən çox olan Fərhad Əhmədovun səhmlərinin 41, 5 faizinin onun arvadı Tatyana Əhmədovaya verilməsi barədə hökm çıxarıb.
Bu işə London Ali Məhkəməsinin Ailə Bölümü baxırdı. Hakim Haddon-Cave-in bu iş üzrə çıxardığı hökm məhkəmənin internet saytında dərc olunub.
Hökmə görə hazırda 40 yaşlarında olan Tatyana Əhmədova İngiltərə məhkəməsinin tarixində rekord məbləğdə təzminat almalı idi.
Hazırda bu işə Londondakı Kral Məhkəməsinin üç apellyasiya hakimi baxır.
Xanım Əhmədovanı müdafiə edən vəkillər qrupunun başçısı Hodge Malek hakimlər lord James Munby, lord Lewison və ledi King-ə bildirib ki, cənab Əhmədov arvadına çatacaq təzminatın bir qəpiyini də ödəməyib.
"Məhkəmənin qərarı ilə 453 milyon 576 min 152 funt sterlinq almalı olan Əhmədova Britaniyadakı kiçik aktivlərdən başqa heç nə ala bilməyib" - vəkil deyib.
Vəkil əlavə edib ki, Fərhad Əhmədov "məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirir".
Cənab Malek hakimlərə bunu da deyib ki, Fərhad Əhmədovun "gizli aktivləri" var.
Vəkil iddia edib ki, London məhkəməsində proses başlanmazdan bir ay əvvəl Əhmədov dəyəri 90 milyon funt sterlinq olan müasir incənət kolleksiyasını İsveçrədən Lixtenşteynə transfer edib.
20 ildir ki, evli olan Əhmədovlar boşanmayadək İngiltərənin Surrey əyalətindəki mülkdə yaşayırdılar.
"The Telegraph" bu məqalə ilə yanaşı London məhkəməsində baxılmış ulduz boşanmalarının diaqramını dərc edib. Bu diaqramda boşananların adları, tarix və ödənmiş təzminatın məbləği göstərilib. Təzminatı ödəyən tərəfin adı əvvəl gəlir:
- £1 milyard: Bernie və Slavica Ecclestone (2009)
- £325 milyon: Mel və Robyn Moore Gibson (2006)
- £60 milyon: Madonna və Guy Ritchie (2008)
- £55 milyon: Neil Diamond və Marcia Murphey (1994)
- £50 milyon: Steven Spielberg və Amy Irving (1989)
- £41 milyon: Kevin Costner və Cindy Silva (1994)