Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Gələn ilin sonuna kimi Şuşada "ASAN xidmət" və "DOST Mərkəzi" üçün - BİNA TİKİLƏCƏK
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan və 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyinin sosial sahədə vətəndaş məmnunluğuna yönələn islahatların təzahürü olduğunu vurğulayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a verilən məlumata görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilməsinə imkan verdiyi qeyd olunub. Həmin xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdən çoxdur.
DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu il ərzində DOST Agentliyi: “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif edilib.
DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib.
2019-cu ilin may ayından ölkəmizdə 5 DOST mərkəzi açılıb. Bakıda daha bir DOST mərkəzi açılacaq və bir sıra bölgələrdə də DOST mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsi qurulacaq. Bu sahədə ilk addım kimi, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “SMART DOST” xidmət məntəqəsi açılıb.
Daha sonra agentliyin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı 2022-ci il üzrə hesabatı təqdim edib.
İclasda DOST Agentliyi tərəfindən görülən işlərin nəticələri, yeni DOST mərkəzlərinin açılmasına hazırlıq işləri, DOST Agentliyinin aparatının, DOST mərkəzlərinin və digər bölmələrinin strukturuna dair məsələlər müzakirə olunub.