“Aparılan islahatlar həssas qruplara yönələn sosial xidmətləri də əhatə edir. Bu sahədə əsas hədəflər sosial xidmətlər üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və bu xidmətlərin yeni istiqamətlər üzrə əhatə dairəsinin genişləndirilməsidir. Eyni zamanda, müasir yanaşmalar əsasında sosial xidmətlərin keyfiyyətinin və çətin həyat şəraitində olan şəxslərin bu xidmətlərə əlçatanlığının artırılması, sosial xidmət sahəsində ixtisaslı kadr potensialı formalaşdırılması vacib hədəflər sırasındadır”.
Eləcə də bax: Əmək müfəttişliyi elektron nəzarətə - BAŞLAYIR
FED.az xəbər verir ki, unu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə sosial xidmət məsələləri ilə bağlı videokonfrans formasında keçirilən iclasda bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə daha bir sosial dəstək kimi, tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlar da evlərində gündəlik sosial məişət xidmətləri ilə əhatə olunublar. Bununla da evlərində sosial xidmət göstərilənlərin sayı 15 mini ötüb. Həmçinin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələrində 1000-dək vətəndaş tam dövlət təminatındadır. Həmçinin sosial sifarişlər əsasında minlərlə şəxs reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunur.
S.Babayev sosial xidmətlərin ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi üçün müvafiq islahatların davam etdirildiyini deyib.
Nazir bildirib ki, strateji məqsədlərdən biri də sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, innovativ texnologiyaların tətbiqi nəticəsində sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılmasıdır. Sosial xidmətlər sahəsində də müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə nəticəsində innovativ yeniliklərin tətbiqi təmin olunacaq.
İclasda çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlərlə təminatı və bu xidmətlərin keyfiyyətinin artırılması, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin yaradılması sahəsində görülən işlər, sosial xidmət sistemində aparılan islahatlar, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.