“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
Hadi Rəcəbli deyib ki, bu məsələdə bir addım belə geri çəkilmək olmaz:
“Çünki hazırda Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Təxribatçıların da əsas məqsədi Azərbaycanda sabitliyi pozmaqdır.
Bu gün Azərbaycan xalqının başlıca məqsədi ölkəmizdə sabitliyi qorumaq olmalıdır. Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər. Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iş üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.
ölkə.az