Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,9%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2% artaraq 510,8 manat olub. Amma bu, ilin əvvəli ilə müqayisədə 3,3% azdır.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.