Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə bütün sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ödənilməsi təmin edilib.
Nazirlikdən verilən məlumata görə, hazırda 500 mindən artıq şəxsə müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. Onların hər birinin bu ay üzrə müavinət və təqaüdləri hesablarına köçürülüb.
Təcrübədə ilk dəfə olaraq mart ayı üzrə bütün sosial müavinət və təqaüdlərin pensiyalarla bərabər martın 19-dək maliyyələşdirilməsi işləri yerinə yetirilib.
Qeyd edək ki, hazırda əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər aylıq sosial müavinət alırlar.
Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin olunanların sırasına isə Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar, ümumi səbəblərdən I qrup əlilliyi olanlar, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar daxildir.