Nazirlər Kabineti "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nı təsdiq edib.
FED.az xəbər verir ki, qaydaya əsasən, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər.
Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur. Xatırladaq ki, hazırda Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdır.
Bununla yanaşı, işsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.
Peşə hazırlığı dövründə bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş məbləğdə təqaüd Xidmət tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür.
Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.
Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:
- işsiz kimi qeydiyyatı ləgv edildikdə;
- işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
- təhsil müəssisəsindən xaric olunduqda.
Azərbaycanda işsizlərə təqaüd veriləcək – MƏBLƏĞ, YENİ QƏRAR
10:48
2 İyun 2019