Azərbaycanda yaşayış yeri olmayan vətəndaşlar küçədə qalmayacaqlar.
FED.az xəbər verir ki, ölkədə 18 yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq, eləcə də yaşı 8-18 arası olan baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün Sosial Sığınacaq və Reablitasiya Mərkəzi yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, bu obyektlər Bakının Zabrat qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdində yaradılıb.
Böyüklər üçün olan sosial sığınacaq 50 yerlikdir, burada müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. var.
Sosial Sığınacaqda yaşayıcaq şəxsləri dövlət qurumları müəyyən edəcəklər. Belə ki, daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sığınacağa qəbul edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət olunur. DSMF bu müraciətə baxıb, həmin şəxsin sığınacağa qəbulu və ya imtina haqqında qərar verir.
Sığınacağa qəbul edilən şəxslər əvvəlcə ilkin tibbi müayinədən keçir. Müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar, amma onların sənədləri müəssisədə arxivləşdirilir. Qaydaya görə, sığınacaqda ən çoxu 180 gün və ya 6 ay qalmaq olar, amma şəxs daxili nizam-intizam qaydalarını pozduqda direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər.
Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sığınacağı tərk edən şəxslərin iş tapması üçün isə onların sənədləri Məşğulluq Mərkəzinə göndərəcək.
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə isə 8-18 yaşlı uşaqlar (yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) qəbul edilirlər. Uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Əvvəlcə DSMF uşağın şəxsiyyətinin və qohumlarını müəyyən edir, habelə uşaq müayinə olunur. Bundan sonra uşağın qəbul edilib edilməməsi barədə qərar verilir. Uşağın müəssisədə qalma müddəti 90 gündür, amma bəzi hallarda bu müddət 180 günədək uzadıla bilər.
Bu müddət bitdikdən sonra uşağın sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilir və o ya daimi yaşayış yeri ilə təmin olunması üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə, ya da alternativ qayğı müəssisələrinə təhvil veriləcək.
Azərbaycanda evi olmayanlar üçün - SIĞINACAQ YARADILIB
17:03
6 Noy 2017