İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edib.
FED.az AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS ISO 45003:2024 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə - İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik - Psixososial risklərin idarə edilməsi üzrə rəhbəredici göstərişlər”, AZS ISO 45004:2024 “Əməyin təhlükəsizliyi və gigiyenasının idarə edilməsi - Fəaliyyətin qiymətləndirilməsinə dair göstərişlər” dövlət standartlarıdır.
Onlar əməyin təhlükəsizliyi və gigiyenası (ƏTG) üzrə fəaliyyətin qiymətləndirilməsi zamanı müvafiq göstəricilərin hazırlanması da daxil olmaqla monitorinq, ölçmə və təhlil prosesləri üzrə təlimat və prosedurları əhatə edir, təşkilatlara iş qəzalarının və peşə xəstəliklərini minimuma endirməyə və ya qarşısını almağa imkan yaradır.
Sözügedən dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirə olunub və İnstitut onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.