Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “ÇakÇuk” startap layihəsi arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq elektrik montyoru, xadimə, dayə, kombi ustası , məişət texnikası ustası, santexnika ustası peşələri üzrə hazırlıq kurslarına qəbul üçün Bakı Peşə Hazırlıq Mərkəzində ilkin müsahibələrə başlanıb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, ilkin mərhələdə Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar Bakı Peşə Hazırlıq Mərkəzi və "ÇakÇuk'' startap layihəsinin birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib.
Qeyd edək ki, bir aylıq tədris müddətində müdavimlər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə başa vuran məzunlara rəsmi dövlət sertifikatı veriləcək.
Hazırda kursa qeydiyyat və müsahibələr davam edir.
Qeyd edilən peşə kurslarına qatılmaq istəyən Bakı, Sumqayıt şəhəri, eləcə də Abşeron rayon sakinləri qeydiyyata alınmaq üçün müvafiq ərazi məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilərlər.