Azərbaycanda “Bir tır hədiyyə” adlı (1tirhediyye) xeyriyyə aksiyasına start verilib.
Aksiyanın təşkilatçısı Rəşad Camal FED.az-a bildirib ki, xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd imkansız ailələri sevindirməkdən ibarətdir:
“Mən istəyirəm ki, biz vətəndaşlarla birlikdə bir tır hədiyyə toplayaq. Bu aksiyaya şirkətlər və cəmiyyətin hər bir üzvü qoşula bilər. Onlar hərəsi bir və ya bir neçə hədiyyə ilə bizim sıralarımıza daxil ola bilərlər. Onların təqdim etdiyi hədiyyələri tırın yük yerinə yığacağıq, ilk olaraq imkansız, kasıb və valideynlərini itirmiş ailələrə və uşaq evlərinə paylayacağıq. Əsasən, şəhərdən kənarda olan uşaq evlərini nəzərdə tuturam”.
R.Camal hər kəsi aksiyaya qoşulmağa çağırıb:
“Eyni zamanda, aksiyaya qoşulan şirkətlərin loqoları da nümayiş olunacaq. Həmin loqolar hədiyyələrin yerləşdiyi tırların üzərində təqdim olunacaq. Biz sadəcə olaraq hədiyyə vermək istəyən insanlar arasında vasitəçi rolunu oynayırıq".
Onun sözlərinə görə, bu aksiyanın il ərzində iki dəfə həyata keçirilməsi planlaşdırılır: "Təxminən, 7 il öncə bu aksiya bir dəfə baş tutub. Amma sonradan ləngimələr oldu. Ümid edirəm ki, aksiya xeyirli işlərlə nəticələnəcək. Buna görə də hər kəsi aksiyaya qoşulmağa dəvət edirəm”.