Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.
MEİS-in strukturuna “Sənəd dövriyyəsi”, “Əmək müqaviləsi bildirişi”, “Ünvanlı yardım” (VEMTAS), “Sosial ödənişlər”, “Əlillik” (TSERAS), “Sığorta”, “Monitorinq”, “Pensiya”, “Məşğulluq”, “Sovqat”, “Çağrı mərkəzi”, “Tapşırıqlar", “Vətəndaşların qəbulu”, “Sanatoriya-kurort” və“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemləri; “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı daxildir.
“Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlara uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
- “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə sənədlərin icra vəziyyətini nəzarətdə saxlamaq, sənəd axtarışını asanlaşdırmaq, Nazirliyin fəaliyyətinə dair statistik məlumatları əldə etmək məqsədilə Nazirliyin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar arasında sənəd dövriyyəsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron qaydada aparılması;
- “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya ona xitam verilməsinin elektron qaydada qeydiyyata alınması, habelə iş yerindən elektron qaydada arayış alınması;
- “Ünvanlı yardım” (VEMTAS) altsistemi vasitəsilə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması və ya təyin olunmasından imtina edilməsi, habelə onun ödənilməsi;
- “Sosial ödənişlər” altsistemi vasitəsilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, sosial ödənişlər verilməsinin uçotunun elektron qaydada aparılması;
-“Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması;
- “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması;
- “Monitorinq” altsistemi vasitəsilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması;
- “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması;
- “Məşğulluq” altsistemi vasitəsilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, işəgötürənlərin verdikləri boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri haqqında məlumatlar əsasında vakansiya bankının, ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi;
- “Sovqat” altsistemi vasitəsilə ayrı-ayrı kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin aktlarına əsasən, mənzil, avtomobil, habelə müxtəlif dövlət proqramları çərçivəsində maddi yardımla təmin olunan şəxslərin uçotunun elektron qaydada aparılması;
- “Çağrı mərkəzi” altsistemi vasitəsilə Nazirliyin fəaliyyəti ilə bağlı sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlərin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, məlumatlandırma və məsləhət xidmətləri göstərilməsi, şikayətlərin (ərizələrin, təkliflərin) qəbulu və aidiyyəti üzrə yönəldilməsi;
- “Tapşırıqlar” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanına və 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə mərkəzləşdirilmiş qaydada nəzarətin həyata keçirilməsi;
- “Vətəndaşların qəbulu” altsistemi vasitəsilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlikdə vətəndaşların qəbulunun elektron qaydada aparılması və arxivləşdirilməsi;
- “Sanatoriya-kurort” altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanına uyğun olaraq, Səhiyyə Nazirliyinin tibb müəssisələrindən sanator-kurort müalicəsi üçün göndəriş almış şəxslərin tibbi qeydiyyat sənədlərinin uçotunun elektron qaydada aparılması;
- “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması;
- “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə “Məşğulluq haqqında” qanununa uyğun olaraq, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması.