Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının fəaliyyətini mənfi qiymətləndirir.
FED.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr-11 dekabr 2022-ci il tarixində əhali arasında keçirdiyi rəy sorğusu əsasında məlum olub ki, respondentlərin 81,8 faizi Rusiya sülhməramlılarına mənfi münasibət bildirir. Müsbət münasibət ifadə edənlər 6.9 faiz təşkil edib. Bu suala 11.3 faiz respondent cavab verməkdə çətinlik çəkib.
Sorğuda respondentlərin “Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz” sualına mövqeyi də soruşulub. Nəticələrə əsasən, ictimaiyyət bu məsələyə münasibətdə fərqli fikirlərə malikdir. Belə ki, sorğu iştirakçılarının 49,0 faizi sülhməramlıların beş il müddət tamam olanda Qarabağdan gedəcəyini düşünür. Halbuki 37,2 faizi onların Qarabağda qalmaq müddəti ilə bağlı qeyri-müəyyən qənaətdədirlər. Respondentlərin 13,8 faizi bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.