Dövlət bankı Azər Türk Bank, Həyat Fondu və Beat Group şirkətinin birgə tərəfdaşlığı ilə 23 dekabr tarixindən etibarən Bakıda “Möcüzə var” adlı xeyriyyə aksiyası başlayıb.
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, təşkilatçılar yanvarın 14-ə kimi, hər həftənin şənbə və bazar günləri bakılıları və şəhərimizin qonaqlarını Gənclik Mall ticarət mərkəzinə, tanınmış sənətçilərin konserti ilə müşayiət olunan xeyriyyə tədbirinə dəvət edirlər.
Bundan əlavə, xeyriyyə məqsədi ilə, 28 Mall, Port Baku Mall, “Bravo” supermarketləri, CinemaPlus zallarında və Beat Group restoranlarında ianə vermək istəyi olan müştərilər üçün şərait yaradılıb.
Məlumata görə, toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.
Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bankın sponsor qismində çıxış etdiyi bu tədbir, həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azər Türk Bank xeyriyyə aksiyasına dəstək verdi
13:30
26 Dek 2017