“Qoşunların qarşıdurma xətti boyunca yerləşən yaşayış məntəqələrində yaşayan yerli sakinlər qarşılaşdıqları naməlum əşyalara toxunmamalı, xüsusilə uşaqlarını hərbi sursatlardan kənar saxlamalıdır”.
FED.az xəbər verir ki, bunu Qarabağ bürosuna açıqlamasında ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov deyib.
O bildirib ki, ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur: “Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Atəşkəsdən sonra həmin ərazilər ANAMA-nın əməliyyat qrupları tərəfindən tam təmizlənəcək. Sakinlərə tövsiyə edirik ki, evlərinə qayıtdıqdan sonra gördükləri əşyalar və sursatlar barədə dərhal “102”, “113” xidmətlərinə, yaxud da ANAMA-ya məlumat versinlər. Heç bir əşyaya toxunmasınlar, uşaqları yaxına buraxmasınlar”