Almaniyada miqrasiya meyillərində müşahidə olunan dəyişikliklər əmək bazarında işçi və ixtisaslı kadr potensialını əhəmiyyətli dərəcədə azaldır.
FED.az xəbər verir ki, bu barədə Alman İqtisadiyyat İnstitutunun (IW) araşdırmasında əksini tapıb.
Araşdırmaya görə, 2025-ci ildə ölkədə ilk dəfə sığınacaq üçün müraciət edənlərin sayı 113 min nəfərə enib. Halbuki bu göstərici 2023-cü ildə 329 min nəfər olub. Ən əhəmiyyətli amillərdən biri də Suriyadan ilkin sığınacaq müraciətlərinin kəskin azalaraq, 100 mindən 23 minə düşməsidir. Əfqanıstan və Türkiyə vətəndaşlarından gələn müraciətlər də xeyli azalıb və müvafiq olaraq 51 mindən 24 minə və 61 mindən 12 minə düşüb.
Eyni zamanda, Şərqi Avropa ölkələrindən gələn Avropa İttifaqı vətəndaşlarının öz ölkələrinə qayıtması sürətlənib. Son üç ildə isə Almaniyanı tərk edən yerli sakinlərin də sayı artıb. Ötən il bu rəqəm 100 min nəfər təşkil edib. Nəticədə ölkəyə gələnlərlə gedənlər arasında fərq 2025-ci ildə 235 min nəfərə düşüb. Bu göstərici 2023-cü ildə 663 min nəfər təşkil edib.
Tədqiqatda yüksəkixtisaslı mütəxəssislərin ölkədən köçünün davam etməsinin əmək bazarındakı kadr çatışmazlığını daha da gücləndirə və iqtisadiyyatın innovasiya potensialını zəiflədə biləcəyi qeyd olunub.














