Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 200 nəfərdən çox azərbaycanlı Almaniyada çarəsiz vəziyyətdə qalıb.
FED.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan iş adamı Rəşad Quliyev məlumat verib.
R.Quliyev sosial şəbəkə hesabında bununla əlaqədar Azərbaycan Xarici işlər Nazirliyi və Nazirlər Kabinetinə Almaniyada qalan azərbaycanlıların adından birgə bəyanat yaydıqlarını bildirib:
Eləcə də bax: Almaniyada koronavirusdan ölənlərin az olmasının - SƏBƏBİ MƏLUM OLDU
“Azərbaycan Respublikası Xarici işlər Nazirliyi və Nazirlər Kabinetinə Almaniyada qalan azərbaycanlıların adından birgə bəyanat:
"İlk öncə yazaraq bildirmək istəyirik ki, məlum epidemiya səbəbindən bütün dünya ölkələri ilə hava əlaqəsi kəsildiyindən bizlər də Almaniyada çox çarəsiz vəziyyətdə qalmışıq. Sayımız təxminən 200 nəfərdən çoxdur və onlar arasında burada təhsil alan tələbələr, turistik səfərlə gələn vətəndaşlarımız var, hansı ki hal-hazırda geri – Vətənə dönə bilmirlər. Artıq 2 həftədən çoxdur ki, Azərbaycanla-Almaniya arasında bütün hava əlaqələri bağlanıbdır. Digər Avropa ölkələri ilə müqayisədə bu günə kimi Almaniyadan heç bir çarter reys təşkil olunmamışdır. Səfirliyə edilən saysız-hesabsız müraciətlər də sadəcə siyahıya alınma ilə kifayətlənibdir. Nəzərinizə çatdırmaq istəyirik ki, burada bütün Hotellər bağlanıb. Turistik səfər edən soydaşlarımızın arasında səhhəti ilə bağlı problemi olan insanlar var. Hansı ki onlar burada həkimə müraciət edə bilmirlər. Səyahət sığortası bu kimi hallarda heç bir ödənişi qarşılamır. Vəziyyətimiz günü-gündən çətinləşir. Bütün bunları nəzərə alaraq, Almaniyaya, öz vətəndaşlarınızı bu çətin vəziyyətdə qoymayıb, təxliyyə etmək üçün təyyarə göndərməyinizi Sizdən artıq dərəcədə xahiş edirik. Əlavə etmək istəyirik ki, qayıdış üçün ayrılacaq təyyarənin xərclərini (hər bir vətəndaş öz cibindən bilet almaq şərti ilə) ödəməyə hazırıq. Ümid edirik ki bizim bu çağırışımıza müsbət reaksiya verərək, dövlətimizin hər zaman bizim arxamızda olduğunu bizə bir daha hiss etdirəcəksiniz.”
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq qərarına əsasən ölkənin quru, dəniz və hava nəqliyyatı, sərnişin daşınması müvəqqəti olaraq dayandırılıb".