"Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir".
FED.az xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyeva ünvanladığı məktubda yer alıb.
D.Tramp vurğulayıb ki, Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər:
"Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.
Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.
Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram".