Bakı Ağır Cinayətlər Məhkəməsində 77 nəfəri xaricdə təhsil almaq vədi ilə aldadaraq dələduzluq etməkdə təqsirləndirilən “Azərbaycanda Amerika Məktəbi” (American School in Azerbaijan –ASIA) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin məhkəməsi keçirilib.
FED.az xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, prosesdə zərərçəkmişlər ifadə verərək pullarının ödənilməsini tələb ediblər.
Dövlət Neft Şirkətində işləyən Elçin Hüseynov deyib ki, 2021-ci ilə qədər xaricdə təhsil, dil kursunu keçənlərə daha yüksək maaş veriləcəyi üçün ABŞ-da kursa getmək istəyib: “Mən 1290 dollar verdim, qarşılanma, qidalanma, orada iki həftə qalmaq bu qiymətə daxil idi. Vizanı alandan sonra dedi ki, şənbə günü gedirsiniz. Mən də çamadanımı hazırladım. Beşinci gün AZAL-dan dəqiqləşdirəndə məlum oldu ki, mənim adıma nə bilet var, nə də bron. Zəng elədim, telefona cavab vermədi. Onda bildim ki, məni aldadıb”.
Tural Nəbiyev isə Kanadaya getmək üçün viza alınmasına kömək edəcəyi vədinə görə kredit götürərək Elvinə verib və indi pulunu tələb edir.
E.Məmmədzadə isə zərərçəkmişlərin tələblərinə belə etiraz edib: “Mən bu adamlara görə vizalar üçün təkcə səfirliyə 33 min pul ödəmişəm”.
Otellərdən birində ofisiant işləyən Elşən Alışov deyib ki, sosial şəbəkədə “work and travel” proqramı üzrə elan görüb və müraciət edib: “2990 dollar verdim, müqavilə bağladıq. Müqavilə belə idi ki, 160 dollar viza, 200 dollar da kursun qiyməti idi. Əgər alınmasa, bu məbləğlər çıxılmaqla qaytarılacaq. Müqaviləyə görə, 10 həftə ərzində qaytarılmalıydı. Amma qaytarılmadı”.
E.Məmmədzadə özünü qismən təqsirli bilib.