İranda ərzaq malları bahalaşmağa başlayıb. FED.az-ın məlumatına görə, bahalaşma İrna milli valyutası olan rialın son aylar dəyər qazanması ilə bağlıdır.
Belə ki, mart ayından indiyədək FED.az-ın əldə etdiyi məlumata görə, mart ayında 1 Azərbaycan manatı 90 min rial, apreldə isə 85 min rial olduğu halda, hazırda bu rəqəm 74-75 min riala düşüb. Rial ABŞ dolları qarşısında da möhkəmlənib və mart ayından indiyədək İranda qara bazarda ABŞ dollarının məzənnəsi 144 min rialdan hazırda 120-125 min riala düşüb.
Rialın bahalaşması İranda ərzağın da qiymətini artırıb. FED.az xəbər verir ki, nəticədə bir neçə ay əvvəl 0,8 manata satılan İran çayı hazırda 1,2 manata, 10 kiloqramlıq İran düyüsü 13 manatdan 17 manata yüksəlib.
Əvvəl kiloqramı 80 qəpiyə satılan İrandan gətirilən qənd indi 1,2 manata, 50 qəpiyə satılan şəkər tozu, hazırda 70 qəpiyə, 6 manata satılan İran kərə yağı isə hazırda 8 manata satılır.
İranla sərhəddə yaşayan Azərbayca vətəndaşlarının sözlərinə görə, əvvəl İrandan alış-veriş etmək sərf edirdi. İndi isə İranda qiymətlər elə artıb ki, artıq İran ilə Azərbaycan arasında mallardakı qiymət fərqi cəmi 10-15 qəpikdir.
İran malları kəskin bahalaşdı – DAHA GƏTİRMƏK SƏRFƏLİ DEYİL
12:49
8 İyul 2019