Günərzi qayğı və sosial reabilitasiya, psixoloji, surdoloji xidmətlər və s. üzrə mərkəzlərin sayı xeyli artırılacaq, ayrı-ayrı qruplar üçün günərzi və reabilitasiya yönümlü yeni mərkəzlər də yaradılacaq
Prezident İlham Əliyevin iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara sosial xidmətləri ciddi surətdə genişləndirəcək.
Eləcə də bax: Nazir Sahil Babayev sağlamlıq imkanları məhdud - UŞAQLARLA GÖRÜŞÜB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, Sərəncam həmçinin ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılır.
Bu isə cari ildə günərzi qayğı mərkəzlərinin sayının 58-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə çatdırılmasına imkan verir. Həmçinin Sərəncam autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a çatdırılmasına şərait yaradır.
Sərəncamın yaratdığı imkanlar nəticəsində, eyni zamanda, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə, sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Digər tərəfdən, dövlət başçısının yeni Sərəncamı ahıllar üçün də 5 günərzi mərkəzin, əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin, insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasına imkan verir. Eləcə də, Sərəncam sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili və sosial reabilitasiyası tədbirlərinin gücləndirilməsinə, bu tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə şərait yaradır.