Rusiyanın Ukraynaya hücumu ilə başlayan və 4 ildən artıqdır ki, davam edən müharibə təkcə hərbi deyil, iqtisadi sahədə də davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müharibə hər iik ölkənin təkcə hərbi resurslarını, silah-sursat və müdafiə texnikasını deyil, iqtisadi imkanlarını da səfərbər edib.
Müharibənin davam etdiyi hər gün hər iki ölkənin büdcəsinə 10 milyonlarla dollara başa gəlir. Bu vəsaitlər silah-sursat, yeni texnologiyaların alınması və istehsalına, hərbi infrastrukturun yaradılmasına və qorunmasına, eləcə də hərbçilərin maaşlarına sərf edilir.
Eyni zamanda müharibə nəticəsində hər iki ölkənin hərbi büdcəsinə yeni yük yaranıb, bu hərbi əməliyyatlarda həlak olan və ya yaralanan əsgərlərə görə ödənişlərdir.
FED.az-ın araşdırması göstərir ki, hazırda Rusiya Ukrayna vəfit edən hərbçilərin ailələrinə və yaralılara milyonlarla rubl və ya qrivna ödəyirlər. Bu həlak olan hər bir hərbçiyə görə 10 minlərlə, hətta 100 minlərlə dollar deməkdir.
Beləliklə,
Rusiyada birdəfəlik ödənişlər - ölümlər və yaralanmalar üçün – 70-120 min dollar
Rusiya hökuməti hərbi əməliyyatlarda həyatını itirən şəxslərin ailələrinə müxtəlif mənbələrdən 10-12 milyon, bəzən isə 15 milyon rubl məbləğində kompensasiya ödəyir.
Rusiya hökumətinin qərarına əsasən həlak olan hərbçilərin ailələrinə 5 milyon rubl prezident ödənişi, daha 5 milyon rubl isə sosial və müavinət ödənişləri verilir. Bəzi varlı regionlar, Məsələn Moskva vilayəti belə hərbçilərin ailələrinə öz büdcələrindən də ödəniş verirlər, bu təxminən 3 milyon rubla qədər olur.
Nəticədə ailə ümumilikdə 10-12 milyon, bəzən isə 15 milyon rubl ödəniş alır. Bu təxminən 68 min dollardan başlayaraq 110-120 min dollaradək məbləğ edir. Birdəfəlik ödənişlərdən əlavə həlak olmuş hərbçinin ailəsi üçün aylıq kompensasiyalar da nəzərdə tutulub, bunlar ayda təxminən 22 min rubl və ya 220-230 dollar təşkil edir.
Rusiyada müharibədə yaralanan hərbçilər üçün də böyük kompensasiyalar nəzərdə tutulub, baxmayaraq ki, sonradan bu məbləğlər bir qədər azaldılıb. Belə ki, yaralanma və müharibə qəzaları üçün əvvəl 3 milyon rubl, yəni təxminən 41 min dollar ödəniş edilirdisə, sonradan qurbanların sayının artması hökuməti bu məbləği azaltmağa vadar edib. İndi 3 milyon rubl (35 min dollar) – ağır yaralanmalar, 1 milyon rubl (12 min dollar) orta dərəcəli yaralanmalar, 100 min rubl və ya 1200 dollar isə – yüngül yaralanmalar üçün ödənilir.
Qeyd edək ki, göstərilən rəqəmlər qanunvericilikdə nəzərdə tutulanlardır. Reallıqda bu məbləğlər bir qədər artıq ola bilər, eyni zamanda reallıqda regional büdcələrdə və tətbiq mexanizmlərində fərqlər müşahidə olunur. Bir çox regionlar və idarələr bu ödənişləri ləngidir, azaldır və ya dəyişdirir. Bəzi hallarda isə kompensasiya ödəməmək üçün hərbçilərin öldüyü təsdiqlənmir, onların taleyinini naməlum olduğu bildirilir.
Ukrayna birdəfəlik ödənişlər - ölümlər və yaralanmalar üçün – 350-400 min dollar
Müharibədə ən böyük itkilərlə üzləşən tərəf təbii ki, Ukraynadır. Əvvəla müharibə ukrayna torpağında getdiyinə görə, bu ölkənin şəhər kəndləri infrastrukturu dağılır, insanları didərgin düşüb və başqa regionlara köçməli olublar. Eyni zamanda Rusiyanın qəfil hücumu nəticəsində Ukrayna faktiki olaraq hazırlıqsız idi və bu onun həm hərbi, həm iqtisadi, həm də canlı qüvvə itkilərinə səbəb olub.
Buna baxmayaraq, hücuma məruz qalmış Ukrayna hökuməti də döyüşdə yaralananlar, öldürülən hərbçilər və veteranlar üçün ciddi ödənişlər edir, hətta bu ödənişlərin məbləği, Rusiyadan daha artıqdır.
Beləliklə Ukraynada hərbi əməliyyatlarda ölən və yaralanan hərbi qulluqçulara aşağıdakı ödənişlər edilir.
Vəfat edən əsgərin ailə üzvlərinə 15 milyon ukrayna qrivnası (UAH), yəni təxminən 365-368 min dollar məbləğində birdəfəlik ödəniş edilir. Maraqlıdır ki, bu kompensasiya məbləği təkcə hərbi əməliyyatlarda deyil, ümumilikdə hərbir xidmətdə olduğu dövrdəki ölümlər üzrə də ödənilir.
Ukrayna hökuməti, maddi çətinliklərə baxmayaraq yaralanmalar və əlillik üzrə də böyük ödənişlər edir. Ukrayna qanunvericiliyinə görə yaralanma və əlilliyə görə kompensasiyalar – 1-ci qrup əlillik üçün – 400 yaşayış minimumu həcmindədir. Bu təxminən 1,2 milyon UAH və ya 30 min dollar deməkdir.
2-ci qrup əlillik üçün ödənişlər 300 yaşayış minimumu, yəni 908 min UAH və ya 23 min dollar deməkdir. 3-ci qrup əlilliyə görə isə hökuməti hərbçilərə 250 yaşayış minimumuna bərabər məbləğ, yəni 757 000 UAH və ya 19 min dollar ödəyir. Bu kompensasiyalar əsgərlərin xidmətdə olarkən və ya qeyri-döyüş şəraitində yaralanmalar üçün də nəzərdə tutulur.
Əlillərə aylıq ödənişlər də həyata keçirilir – 1-ci qrup üçün bu ayda 17 000 UAH və ya 430 dollar, 2-ci qrup üçün bu 13 000 UAH və ya 350 dollar, 3-cü qrup üçün isə 9800 UAH və ya 240 dollar təşkil edir.
Ukraynada müharibə əlilləri və onların ailələri üçün əlavə güzəştlər də var. Məsələn belə ailələrin kommunal xərclərinin 75-100 faizi dövlət tərəfindən ödənilir.
Ümumiyyətlə isə Ukraynada döyüş bölgəsində olan hərbçilərə aylıq 100 000 qrivna və ya 2500 dollar, arxa cəbhədə xidmət edənlərə isə 30 000 qrivna və ya 840 dollar əlavə «döyüş pulu» verilir.











