Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində daha 57 fərdi yaşayış evinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
FED.az xəbər verir ki, Goranboy rayonunda evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak ediblər.
Nazir müavini bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1200-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.