Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icrasına başladığı “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edir.
FED.az ƏƏSMN-ə istinadən xəbər verir ki, BMTİP-in məşğulluq üzrə baş mütəxəssisi Vesna Dzuteska Bişeva və BMTİP-in Azərbaycan Ofisinin müşaviri Leyla Fathi ilə nazirlikdə keçirilən görüşdə layihəsinin icra vəziyyəti və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Eləcə sə bax: 94 min nəfərin pensiyası 30 faizdən - ÇOX ARTACAQ
Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov həssas qrupların, xüsusilə əlilliyi olan şəxslərin məşğulluğunun və əmək bazarına, həmçinin kiçik biznesə çıxışının dəstəklənməsinin aparılan siyasətin əsas istiqamətlərindən olduğunu deyib. O, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin də bu istiqamətdə işlərə dəyərli töhfə verəcəyini vurğulayıb.
Layihə çərçivəsində görüləcək işlər ətraflı müzakirə edilib.
Qeyd edilib ki, layihənin icrası üçün pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi üçün artıq elanlar dərc edilib. Həmçinin əlilliyi olan şəxslərin daha operativ məlumatlandırılması üçün onlara sms şəklində bildirişlərin də göndərilməsi məqsədəmüvafiq hesab olunub.
Eyni zamanda, layihəyə cəlb ediləcək əlilliyi olan şəxslər üçün sosial-əmək reabilitasiyasını effektiv şəkildə həyata keçirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə layihəyə müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin dəvət edilməsi ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.