Məlum olduğu kimi, 14 fevral Sevgililər Günü kimi qeyd edilir.
FED.az xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbayanda da gül-çiçək, restoran və hədiyyə sənayesi bu günə ciddi hazırlaşır, iş adamları Sevgililər günü, insanların ülvi hisslərindən maksimum faydalanmaq niyyətindədirlər.
Məhəbbət və hədiyyə kampaniyasına dövlət şirkətləri də qoşulub. «AzerGold» şirkəti bu münasibətlə alıcılara özünün qızıl külçələrini təklif edir.
FED.az-ın məlumatına görə, külçələr Azərbaycanın Daşkəsən qızıl yataqlarından çıxarılan qızıldan hazırlanıb. Bu qızıllar İsveçrədə «Argor-Heraeus» şirkəti tərəfindən emal edilib, saflaşdirilib və bu barədə külçənin üzərində sertifikat da verilir.
Hazırda satışda 5-20 qramlıq külçələr var. 5 qramlıqlar 650manata, 10 qramlıqları 1300 20 qramlıqlar isə 2500 manata satılır. Sikkələrə gəldikdə isə 1 ədəd 5 qramlıq sikkənin qiyməti 700 manat, 10 qramlıq 1350 manat, 20 qramlıq sikkənin qiyməti isə 2550 manat təşkil edir.
Yeri gəlmişkən, Azərbaycanda hasil edilən qızılı investisiya məqsədləri üçün də almaq olar. «AzerGold»dan FED.az-a bildiriblər ki, satışda daha böyük, hətta nəhəng - 20-25 kiloqramlıq külçələr mövcuddur. Amma həmin külçələr ölkə daxilində deyil, birjalarda satılır, onların qiyməti isə qızılın birjadakı həmin tarixə olan qiyməti ilə müəyyən edilir. Məsələn, hazırki qiyməti nəzərə alanda bu külçələrin alış qiyməti də 20-25 kiloqramlıqlar üçün 1-1,2 milyon dollar arasında dəyişir. Amma onun alınıb ölkəyə gətirilməsi üçün müəyyən hüquqi pposedurlardan keçmək və gömrük rəsmiləşdirilməsi də tələb olunur.
Qiymət ədalətlidirmi?
«Azərgold»un təklif etdiyi külçələrin qiyməti, qeyd edildiyi kimi, 5 qramlıq üçün 650-700 manat, 10 qramlıq üçün 1350 manat, 20 qramlıq üçün 2550 manatdır. Bu qiymətin nə qədər ədalətli olduğunu müəyyən etmək üçün dünya bazarındakı qiymətləri xatırlayaq. Hazırda birjalarda qızılın bir unsiyası, yəni 31 qramının qiyməti 1575 dollar, yəni qramı 50,8 dollardır.
«Azərgold»un elanında bildirilir ki, külçələr 999,9 əyarla buraxılır, yəni sadə desək, təmiz qızıldır. Bu vəziyyətdə 5 qramlıq külçəyə sərf edilən təkcə qızılın qiyməti 254 dollar və ya 432 manatdır. 10 qramlıqda bu məbləğ 508 dollar və ya 864 manat, 20 qramlıqda 1727 manatdır.
Başqa sözlə, 5 qramlıq sikənin qiymətində qızılın dəyərinin üzərinə 268 manat (qrama 53 manat və ya 31 dollar), 10 qramlıqda 486 manat (qrama 49 manat və ya 28 dollar), 20 qramlıqda isə 823 manat (41 manat və ya 24,2 dollar) əlavə edilib. Yəni, hədiyyələrin qiyməti müəyyən ediləndə buradakı qızılın qiymətinin üzərinə 60%-dək məbləğ əlavə edilib.
Ekspertlər etiraf edir ki, əslində bazardakı başqa qızıl məmulatları ilə müqayisə edəndə «Azergold»un təklif etdiyi qiymətlər nisbətən bahadır və hədiyyənin sahibinin sonradan onu həmin qiymətə satmaqda çətinliyi ola bilər (əgər dünya bazarında qızılın qiyməti dəyişməz qalarsa). Məsələ bundadır ki, tezliklə maddi dəyərini itirən digər hədiyyələrdən fərqli olaraq, qızıl hədiyyəsi həm də yatırım sayılır.
«Azergold»da məsələnin belə qoyuluşu ilə razılaşmırlar. QSC-dən FED.az-a bildirilib ki, birjalarda satılan qızılın qiyməti – yəni unsiyası 1575 dollar, qramı 50,8 dollar – əslində xammal qızılın topdansatış qiymətidir. Külçələr isə artıq son məhsuldur və onun qiyməti fərqli şəkildə formalaşır.
«Hədiyyəlik qızıllar adından da göründüyü kimi hazır suvenir məhsullarıdır. Həmin məhsulun maya dəyərinə hasilat prosesinin müxtəlif mərhələlərindəki xərclərlə yanaşı (xüsusi avadanlıq, affinaj və s.), daşınma, ixrac, keyfiyyətə nəzarət, gömrük-vergilər (gömrük yığımları, aksiz (7%) və vergi rüsumları (18% ƏDV), qablaşdırma, reklam-marketinq və digər xərclərdə daxildir. Ümumilikdə «AzerGold» QSC-nin 1 məhsul üçün əldə etdiyi xalis mənffət marjası 10%-i keçmir»-deyə QSC-dən FED.az-a qiymətləri şərh edərək bildiriblər.
Şirkətin təklif etdiyi qızıl külçələrlə bazardakı digər analoji məhsulların qiyməti arsındakı fərqin əsas səbəbi isə bazarda müxtəlif yollarla, rüsumlardan yayınaraq, ölkəyə gətirilən qızıl və gümüş sikkələrin olmasıdır. Başqa sözlə, həmin külçələrin qiymətlərinin daha münasib görünməsinin səbəbi onların vergi və rüsumlardan yayınaraq gətirilməsidir.