Azərbaycanda işədüzəltmə şirkətlərinə müraciətlər artsa da, işçi axtaranların sayı azalıb. Hazırda ən çox axtarılan işçi satıcı və fəhlələrdir. Amma müəyyən yaşa qədər. Rəsmi pensiya yaşı 65 olsa da, işçi axtaran şirkətlərdə bu hədd 40 yaşı keçmir. Eləcə də, qadın işçilərə kişilərdən daha çox tələbat var. Əvəzində tələblərə uyğun gələnlər 1500-2200 manatlıq da iş tapa bilərlər. Bununla yanaşı, hətta heç bir ixtisası olmayanlar üçün də iş tapmaq olar. FED.az əhalinin böyük marağını nəzərə alaraq işədüzəltmə şirkətlərindəki iş elanlarını və işçilərə qoyulan tələbləri araşdırıb.
Maaşı 1500 manata qədər olan işlər var
“MEKA” LTD işədüzəltmə şirkətindən bildirildi ki, indi ən çox satıcı, xadimə, ofisiant və ofisi daxili işlər üzrə işçi axtarılır. İxtisaslı işlərdə isə mühasib, hüquqşünas və tərcüməçiyə daha çox üstünlük verilir. Xüsusi ixtisaslı işlər üzrə işçi axtaranlar qaynaqçıya üstünlük versələr də son aylarda bu işə də tələbat azalıb.
Şirkətin meneceri Leyla Rüstəmova bildirir ki, bütün sahələr üzrə işçiyə eyni dərəcədə tələbat olur və hər-hansı artma və azalma müşahidə olunmur. Amma mühafizəçi və sürücü kimi işlər var ki, buna əsasən yay aylarında ehtiyac duyulur, digər mövsümlərdə buna tələbat azalır.
Leyla xanım deyir ki, işlər üzrə təklif olunan maaşlar 300-1500 manat arasıdır. 300 manat maaş ofisiant, xadimə, mühafizə işi üçün, 1500 manat maaş isə hüquqşünas və mühasib işi üçün təklif olunur.
“MEKA” LTD-dən bizə verilən açıqlamaya görə, hazırda daha çox qadın işçiyə tələbat var. Qadınlar üçün hər yaş kateqoriyası üzrə işlər var. Əsas tələb olunan işlər isə dayə və xadimə işidir. Kişi işçilər üçün də xüsusi bir yaş limiti yoxdur. Təbii ki, təhsilindən və istedadından əlavə, bacarıqlı və zirək olması da şərtdir. Ümumən isə ən çox tələb olunan işçi yaşı 30-35-40 yaşa qədərdir.
40 yaşdan yuxarı kişilərə iş yoxdur
«Gənclik servis»dən bildirildi ki, hazırda şirkətlər daha çox orta təhsilli içşilər, məsələn, fəhlə və satıcı işlərinə işçi axtarırlar. Konkret ixtisas tələb edən işlərdən isə mühasib və qaynaqçı populyardır.
Ofis menecerinin sözlərinə görə, ötən il ilə müqayisədə işçi axtaranların sayı kəskin azalıb. Belə ki, şirkətlər əvvəl 15 fəhlə axtarırdılarsa, indi 5 fəhlə istəyirlər. Sürücü axtaranların sayı da azalıb.
İş yerlərindəki sahələr kimi maaşlar da fərqlidir. “Gənclik servis”dən bildirirlər ki, maaşlar 250-300 manatdan başlayır, 2200 manata qədər artır. Ən yuxarı maaş tekstil sahəsində filial müdirinə, ən az maaş isə fəhlə üçün təklif olunur. Servisdən dedilər ki, gündə bir neçə saatlıq tələb olunan fəhlə işləri də var ki, onun da maaşı 100-150 manat olur.
Servisdən bildirdilər ki, bu gün daha çox qadın işçi axtarılır. Xüsusilə də 40-45 yaşdan aşağı olan xanımlara daha çox üstünlük verirlər. Xadimə işinə görə isə yaş 30-35-dən yuxarı olmalıdır. Qadın işçilər üçün daha çox müraciət olunan sahə qabyuyan və dayə işidir. Bu yaş kateqoriyası kişi işçilər üçün də dəyişmir. Kişilər üçün 40 yaşdan yuxarı heç yerdə iş yoxdur.
Heç bir sənəti olmayanlar üçün də işlər var
Heç bir sənəti olmayanlar üçün də işlər var. “MEKA” LTD-dən bildirilib ki, heç bir ixtisas və təhsil tələb etməyən işlər daha çox fəhlə, mühafizəçi, elektrik və qaynaqçı işiüzrədir.
«Gənclik servis»dən isə belə işlər kimi, mebel, plastik qapı-pəncərə və tikiş sexlərində usta şagirdliyini qeyd edirlər.
40 yaşdan yuxarı kişilərə iş yoxdur - İŞƏDÜZƏLTMƏ ŞİRKƏTLƏRİ

08:27
11 Dek 2017