Həftə sonunu mənalı keçirmək üçün hansı restoran və ya çay evinə getməli?
FED.az oxucularını düşünərək həftə sonunu mənalı keçirmələri üçün Bakıda fəaliyyət göstərən çay evlərinin siyahısını, burada verilən çay dəsgahlarının və qəlyanın qiymətini təqdim edir.
Mini samovarda çay – “Burc Qala Restaurant”
Kiçik Qala 15 ünvanında yerləşən “Burc Qala Restaurant”da çay dəsgahlarının qiymətləri 20, 29 və 39 manat olaraq dəyişir. 20 manatlıq çay dəsgahına çaydanda çay, qənd, limon və mürəbbə daxildir. 29 manatlıq çay dəsgahına çaydanda çay, paxlava, şəkərbura, mutaki, mürəbbə limon və qənd daxildir. 39 manatlıq dəsgaha isə mini samovarda çay, milli şirniyyat(şəkərbura, paxlava, mutaki), şokolad, mürəbbə, çərəz dəsti, qənd və limon daxildir.
“Burc Qala Restaurant”da almalı qəlyan 25 manata, qreyfrutlu qəlyan 30 manata, ananaslı qəlyan isə 35 manatadır.
Restorandan bildirdilər ki, burada ayrıca kabinetlər yoxdur. Çay içmək üçün gələn müştərilər ayrıca holda qonaq edilir və depozit tələb olunmur.
Qeyd edək ki, restoranın şəhərin mərkəzində yerləşməsini və yüksək xidmət səviyyəsini nəzərə alsaq, qiymətlər bir o qədər də baha deyil.
Depozit alınmır – “Buxara” retoran
Mikayıl Müşfiq 77A ünvanında yerləşən “Buxara” restoranda çay dəsgahının qiyməti 25 manatdır. Bu dəsgaha çaydanda çay, limon, qənd, meyvə qurusu, çərəz dəsti, 1 çeşid mürəbbə, paxlava və piroq daxildir.
Burada qreyfrutlu Misir qəlyanının qiyməti 22 manat, yenə qreyfrutlu meduza qəlyanın qiyməti isə 28 manatdır.
Ayrıca kabinetlər yoxdur. 3 stolluq böyük kabinet var və burada depozit sistemi tətbiq olunmur. Qiymıtlər münasibdir
Çay dəsgahında duzda qovrulmuş şabalıd da var – “Şadurvan” çay evi
Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən “Şadurvan” çay evində çay dəsgahlarının qiyməti 20 və 40 manatdır. 20 manatlıq dəsgaha çaydandan çay, qənd, limon, mürəbbə və çərəz dəsti daxildir. 40 manatlıq dəsgaha isə çaydanda çay, qənd, limon, 2 çeşid xurma, paxlava, şokolad və duzda qovrulmuş şabalıd daxildir.
“Şadurvan”da almalı və qreyfrutlu qəlyan verilir və hər ikisinin qiyməti 20 manatdır.
Burada 3 kabinet var və depozit tələb olunmur.
Çay samovarla verilir – “Xəmsə” çay evi
Şəmsi Bədəlbəyli 106 ünvanında yerləşən “Xəmsə” çay evində mürəbbəli, türk və yerli paxlavalı, şokoladlı çay 7 manata verilir. Çay dəsgahları isə 15 və 25 manatadır. 15 manatlıq çay dəsgahına hər birindən bir pay olmaqla çay(çaydan ilə), limon, qənd, gül suyu, mürəbbə, türk paxlavası, yerli paxlava və çərəz dəsti daxildir. 25 manatlıq dəsgaha isə 15 manatlıq dəsgahdakıların hər biri 2 pay təqdim olnur və çay samovar ilə verilir. Sadə çay verilmir.
“Xəmsə” çay evində qəlyan da verilir. Sadə qəlyan(saxsı) 10 manata, almalı qəlyan 12 manata, qreyfrutlu qəlyan isə 14 manatadır. Bu çay evində çay dəsgahı və qəlyan sifariş edilsə hesab 30 manata yaxın edəcək.
Bu çay evində 2 VIP otaq var. 1 otaq xalçalı və mütəkkəlidir, yerdən oturmalıdır. Digər otaq isə divanlıdır. Otaqların depozit qiyməti isə 25 manatdır.
Depozit qiyməti 100 manatdır – “Çay evi 145”
Neftçilər prospekti 115 ünvanında yerləşən “Çay evi 145”də çay dəsgahının qiyməti 30 manatdır. Dəsgaha samovarda çay, 2 çeşid mürəbbə, türk paxlavası, yerli paxlava və çərəz dəsti daxildir.
Bu çay evində qəlyan qiymətlərinə lampaniyə tətbiq olunur. Belə ki, həftə içi hər gün saat 20:00-a qədər burada qreyfrutlu qəlyan 10 manata verilir, 6-cı və bazar günləri isə 20 manata verilir. Ananaslı və narlı qəlyanların qiyməti isə bütün günlər 30 manatdır.
“Çay evi 145”-dən bildirdilər ki, burada 6 kabinet var. Depozit üsulu tətbiq olunur. Depozit qiymətləri isə 55 manatdan 100 manata qədərdir. Yəni müştərilər bu çay evində ən az 55 manatlıq sifariş etməlidirlər. Sifarişlərin qiyməti minimum məbləğ olan 55 manatdan az olsa belə o depozit dəyişmir və mütləq ödənilir.
Sadə çay 15 manatdır – “Armudu” çay evi
Keykab xanım Səfərəliyeva küçəsində yerləşən “Armudu” çay evində çay dəsgahının qiymətləri isə 20 və 30 manat olaraq dəyişir. 20 manatlıq çay dəsgahına çaydanda çay, qənd, limon, mutaki, 2 çeşid mürəbbə, çərəz dəsti daxildir. 30 manatlıq çay dəsgahına isə eynilə yuxarıda qeyd olunanlar aid olsa da, əlavə olaraq çay samovarda və 3 çeşid mürəbbə verilir. Qənd, limon və mutakili sadə çayın buradakı qiyməti isə 15 manatdır
Çay evindən dedilər ki, burada qəlyan da verilir. Qiymətləri, sadə(saxsı) qəlyan 15 manat, almalı qəlyan 20 manat, qreyfrutlu qəlyan isə 25 manatdır.
Bu çay evinin depozit qiyməti 50 manat olan 2 VIP kabineti də var.
Redaksiyanın qeydi: Qəlyan sifariş edərkən unutmayaq ki, dərddən çəkmək insan sağlamlığı üçün zərərlidir. İkinci çayı sifariş etməmişdən əvvəl isə böyük Nizaminin bütün zamanlar üçün aktual olan bu misralarını xatırlayaq: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.
Oxucularımıza mənalı istirahətlər diləyirik.
30 manata qəlyan və çay dəsgahı – SİYAHI, QİYMƏTLƏR
16:54
8 Dek 2017