Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax , Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə 190 manat birdəfəlik ödənişlərin verilməsini başa çatdırıb.
Eləcə də bax: Azərbaycanda ən yüksək və ən aşağı - MAAŞLAR OLAN SAHƏLƏR - MƏBLƏĞLƏR
FED.az nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, birdəfəlik ödəmə vəsaitləri həmin rayonlar üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxsləri əhatə edib.
Ödəniş aprel-may aylarında birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı həmin 13 şəhər və rayona aid olan şəxslərə təyin edilib. Vəsait may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən onlara verilmiş kartlar üzrə hesablara köçürülüb.
Ödəmə 272 min şəxsi əhatə edib və bunun üçün 52 milyon manat vəsait yönəldilib.
Bu, artıq pandemiya dövründə dördüncü ödənişdir və bundan əvvəl isə aprel və may aylarında hər ay ölkə üzrə 600 min şəxsə, iyul ayında 16 şəhər və rayon üzrə 283 min şəxsə bu ödəmə edilib.
Beləliklə, COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – 190 manat birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib.
"apa"