Azərbaycanda biznes yoxlamalarının qadağan olunması sahibkarlar üçün müəyyən rahatlıq yaratsa da, bəzi şirkətlər bunlan istifadə edərək öhdəliklərinə əməl etməkdən yayınırlar.
FED.az xəbər verir ki, bu sahələrdən biri də işçilərin həyatının sığortalanmasıdır.
Xatırladaq ki, ölkə qanunvericiliyinə əsasən, mülkiyyət və fəaliyyət növündən asılı olmayaraq bütün işə götürənlər öz əməkdaşlarını «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən əmək fəaliyyətinin itirilməsi» növü üzrə sığortalamalıdırlar. Bu sığorta haqqının məbləği, işçinin fəaliyət göstərdiyi sahədən, vəzifəsindən asılı olaraq dəyişir.
Eləcə də bax: Evlərin sığortalanmasıda – DAHA BİR YENİLİK
Qanunveriilikdə bu sığortadan yayınmağa görə cərimələr də müəyyən edilib. Amma Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, yoxlamaların qadağan edilməsi nəzarətin zəifləməsi və şirkətlərin həyat sığortasına marağının azalması ilə nəticələnib.
ASA rəhbəri Mustafa Abbasbəyli bildirir ki, hazırda həyat sığortası bazarının həcmi təqribən 60 milyon manat təşkil edir. Nəzarətin güclənməsi bu bazarın həcmini təqribən 50% artıraraq 80-90 milyon manata çatdırmağa imkan verərdi.
Bu məsələnin həlli üçün hazırda ASA Dövlət Sosial Müdafiə Fondu ilə danışıqlar aparır: «Biz hal-hazırda istehsaltda bədbəxt hadisələrlə bağlı DSMF ilə inteqrasiya məsələlərini müzakirə edirik. Bu məsələ həll olunanda o sığorta növü üzrə bu gün yığılan sığorta haqqını – indiki 60 milyon manatdan 80-90 milyona gətirib çatdırmaq olar».
ASA rəhbərinin sözlərinə görə, nəzarət olmadığından şirkətlərdə işçilərin sayının artıb azalması və ya maaşlarının məbləğinin dəyişməsi də sığorta şirkətlərindən xəbərsiz baş verir (banlar da sığorta haqqına təsir edən məsələlərdir – FED.az): «Burada əsas problemlərdən biri odur ki, vətəndaş sığorta müqaviləsi bağlayır, amma onun maaş kartı bu müqavilə ilə əlaqələndirilmir. Halbuki, maaşda dəyişiklik olanda müqavilədə də dəyişkiklik olmalıdır. Yeni işçilər işə götürüləndə isə onunla da sığorta müqaviləsi bağlanmalıdır».
Sığorta şirkətləri prosesə nəzarət etmək istəsələr də bunu edə bilmirlər: «Təsəvvür edin, 100 nəfərlik şirkət sığortaya cəlb olunub, sabah bir nəfər işdən çıxarılır və ya qəbul ediləndə, sığorta şirəti bundan xəbər tutmaya bilər. Amma onunla əmək müqaviləsi bağlanılıb elektron sistemdə qeydə alınanda bundan sğorta şirkətinin xəbəri olur. İnteqrasiya olunanda belə proses baş verir».